Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim
yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış
etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid
abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında
apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar
arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına
və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim
Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan
muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci
illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar,
eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar,
şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş
iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın
Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan
əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət
ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda
tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy
mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut
ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən
Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə
cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu,
silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən
hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış
müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponimik
araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən
tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı
toponimiyasında da öz əksini tapmışdır.
İ.M.Dyakonov, M.Kalankatlı və M.Xorenli öz əsərlərində
Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar
düzünü Qafqaz tayfalarından olan Qarqarların adı ilə
bağlayırlar. Onlar alban əlifbasının qarqarların dili
əsasında tərtib olunduğu ehtimalını da irəli sürüblər.
Hazırda Qarqar Xocalıda yerləşən dağ silsiləsidir.
Qafqaz Albaniyası dövrünü tədqiq edən alimlərdən
K.V.Trever III əsrdə Albaniyada Qarqar düzü adlı yerin
olduğunu söyləyib. Adı Qafqaz Albaniyasının Qarqar
tayfasından götürülmüş Qarqar çayı Şuşa, Xocalı, Ağdam,
Ağcabədi rayonları ərazisində, Kür çayının hövzəsindədir.
Ətraf rayonlar bu çaydan suvarmada geniş istifadə edirdi.
Qarqar düzü və Qarqar dağ silsiləsi adlanan ərazi də
Xocalı rayonunun ərazisində yerləşən dağ silsiləsidir və
Qafqaz tayfalarından olan qarqarların adı ilə bağlıdır.
Qarqarlar, utilər, albanlar və digər türkdilli xalqlarla
birgə Qarabağın qədim sakinləri hesab olunurlar. Yunan
coğrafiyaşünas alimi Strabon qarqarların Şimali Qafqazda
yaşadıqlarını göstərmişdir. Heç bir alim və tədqiqatçı,
hətta tarixin atası hesab olunan Heredot, coğrafiyaşünas
Strabon, M.Kalankatlı belə Qarabağ ərazisində erməni
toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan
mənbə göstərməyiblər. M.Xorenli və M.Kalankatlı alban
əlifbasının qarqarların dili əsasında tərtib olunduğunu
etiraf etmişlər. Hətta şərqşünas V.V.Bartold XVIII-XIX
əsrə aid mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda
Qarqar adlı toponimlərin olduğunu deyib. Tarix boyu
Azərbaycan xalqının yaratdığı Manna, Midiya, Albaniya və
Atropatena dövlətlərinin formalaşmasında və inkişafında
Qarqar boylarının böyük rolu olmuşdur.
Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə
Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı
Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət
qala çay daşından inşa olunmuşdur. Yeri gəlmişkən,
1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları
Əsgəran qalasında aparılmışdır. Əsgəran sözünün mənası "Qədim
Aran" deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı
rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman
diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki,
xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan
məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti
Xocalı toponimiyasında öz əksini tapmışdır.
* * *
Ümumi statistika
Rayonun yaranma tarixi – 26. 11.
1991.
Ərazisi - 0,94 min kv. km.
Əhalinin sayı - 25,3 min nəfər (1 yanvar 2007-ci
il).
Əhalinin sıxlığı – 1 kv. km 27 nəfər (1 yanvar
2007-ci il).
Kəndlərin sayı - 50.
Qəsəbələrin sayı - 2.
İri və orta muəssisələrin sayı - 4.
Məktəbəqədər uşaq muəssisələrinin sayı - 1.
Umumtəhsil məktəblərinin sayı - 12.
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı
- 1.
Xəstəxanalar və tibb muəssisələrinin sayı - 1.
Mədəniyyət ocaqlarının sayı - 54.
Xocalı rayonu ilə Bakı arasında olan məsafə -
375 km.
Rayon 26 fevral 1992-ci ildə ermənilər
tərəfindən işğal edilmişdir.
* * *
Avtomobil, dəmir yolları
Rayonun ərazisindən uzunluğu 32 km olan birinci
kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu
kecirdi.
* * *
Kütləvi informasiya vasitələri
«Xocalının səsi» rayon qəzeti 1991-ci ildən nəşr edilir.
|
|