1992-ci il fevralın 25-dən 26-a keçən gecə
Ermənistan silahlı qüvvələri, Azərbaycanın
Dağlıq Qarabağ ərazisindəki erməni silahlı
dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən
366-cı motoatıcı alayının şəxsi heyətinin və
texnikasının bilavasitə iştirakı ilə Xankəndi
ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini
zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım
siyasətini həyata keçirmişdir.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən
613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70
qoca xüsusi amansızlıqla, işgəncələrlə
öldürülmüş, insanların başları kəsilmiş, gözləri
çıxarılmış, hamilə qadınların qarınları süngü
ilə deşik-deşik edilmişdir. Hücumda həmçinin
mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan
hazırda Dağlıq Qarabağda ermənilərin
qeyri-qanuni rejiminin «müdafiə naziri»dir)
komandanlığı altında 366-cı alayın 2-ci
batalyonu, Yevgeni Nabokixinin komandası altında
3-cü batalyonun, 1 saylı batalyonun qərargah
rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət
edən 50-dən artıq erməni zabit və praporşik
iştirak etmişdir. («Xocalının işğalına dair
istintaq materiallarından»)
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb
qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş
pusqularda qətlə yetirilmişdir. Rusiyanın «Memorial»
hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd
gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200
azərbaycanlının meyidi gətirilmiş, onlarla
meyidin təhqirə məruz qalması faktı aşkar
edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51
qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi
ekspertizasından keçirilmişdir. Ekspertiza
zamanı müəyyən edilmişdir ki, 151 nəfərin
ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə
yaraları səbəb olmuş, 10 nəfər küt alətlə
vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi
diri adamın baş dərisinin soyulması faktını da
qeydə almışdır.
|
|