|
Sonra faşistlər əsirlər arasında
10-13-15 yaşlı qızları seçib ayırdılar...Həyat yoldaşımı da bir
neçə nəfərlə Əsgərana aparıb güllələdilər. Bundan sonra məni
buraxdılar, qızlarımı, oğlumu və nəvələrimi isə əsir saxladılar.
XXI əsrdə əsir həyatı, bu
həyatın çəkilməz ağrıları və bu ağrılarla həyatının 22 ilini
artıq geridə qoyan İNSAN. 8 gün erməni əsirliyində qalmış
Dürdanə Ağayeva:
Xocalı - arzuların doğulduğu və öldürüldüyü məkan
- Mən o zaman Xocalı Rabitə
Qovşağında telefonçu işləyirdim. Bu işə 1989-cu ildə təyin
olunmuşdum. Faciə baş verənə qədər sakinlərin demək olar ki,
hamısı şəhərdə idi. Çünki hamı elə bilirdi ki, düşmən tezliklə
susdurulacaq və geri oturdulacaq. Fevralın 25-də qızğın döyüşlər
gedirdi. Ona görə də heç kim yatmamışdı. Topun, tankın səsində
qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha kəskinləşdi və
şəhər gülləboran edilməyə başladı və insanlar pərən-pərən düşdü.
«Yeganə əlaqə telefon və ratsiya
ilə mümkün idi»
Son günlər isə Bakı, Ağdam, Şuşa
istiqamətində yeganə əlaqəmiz telefon və ratsiya ilə mümkün idi.
Gündə bir neçə dəfə, elə olurdu ki, 10-15 dəfə Bakıdan, Ağdamdan,
Şuşadan zəng edirdilər, xocalılara təskinlik verirdilər. Həmin
gecə də, yəni fevralın 25-də də zəng edib camaata təskinlik
verdilər, üstəlik, Əsgəran yolunun nəyin bahasına olur-olsun
açılacağını dedilər. Amma görünən odur ki, bu, xocalılar üçün
sonuncu sözlər oldu».
“Alovlar içində inildəyən
Xocalı”
Dürdanə xanım bildirir ki, gecəyarı
– daha da ağırlaşanda bir müddət evlərin zirzəmilərində
gizlənməli olublar: - Gələn səslərdən anlayırdıq ki, tanklarla,
toplarla evlərimizi dağıdırlar. Az keçməmiş xəbər gətirdilər ki,
artıq düşmən Xocalı aeroportunu da işğal edib. Aeroport da
xocalıların yeganə çıxış yolu idi. Çünki o zaman Xocalı
mühasirəyə alınmışdı. Bu xəbərdən sonra zirzəmidə qalmağın
mənasız olduğunu başa düşdük. Ona görə də saxlandığımız yerdən
çıxıb şəhərdən uzaqlaşmağa məcbur olduq. Təxminən gecə saat 1-2
olardı. Hamı şəhəri tərk edirdi.
Qarlı, şaxtalı qış gecəsində üzü Qarqar çayına tərəf getdik. Hər
tərəfdə atışma getdiyindən və hər yerdə qaniçən ermənilərin
olduğunu nəzərə alıb meşəyə girməli idik. Bunun üçün də buz kimi
suyu olan çayı keçməli olduq. Bu zaman insanlarımız suda
islandı, sərt şaxtanın altında donmalı oldular və bir çoxları
buna görə də bir qədər irəlilədikdən sonra yollarına davam edə
bilmədilər. Çayı keçdikdən sonra qarlı dağları aşıb Ağdama
getmək istəyirdik. Dağın başına qalxanda çevrilib bir anlıq
Xocalıya baxdım. Son dəfə baxırdım. Gördüm ki, Xocalım yanır.
Sanki onunla bərabər arzularım, dünənim, bu günüm də yandı.
«Ana bətnində ikən güllələnən
məsum fəryadı»
Qarlı, buzlu, sürüşkən cığırlarla,
sıldırımlı, daş-kəsəkli dağ ətəyi ilə getməyə məcbur idik. Çünki
çay boyunca hərəkət edə bilməzdik. Əsgəran yolu düşmən tərəfdən
bağlanmışdı. Yeganə yol dağlardan keçirdi. Elə bilirdik ki, o
tərəfdə düşmən görməyəcəyik. Lakin artıq düşmən ən orta mövqe
tutaraq tələ qurmuşdu. Bizim getdiyimiz dəstə çox böyük idi.
Onların arasında yaralılar da var idi. Amma havanın soyuqluğu və
çayı keçərkən islanmağımız çoxlarını dondururdu, ayaqlarımızı
hiss etmirdik, elə titrəyirdik ki, bir-birinə dəyən dişlərimizin
səsi açıq-aydın eşidilirdi. Nə qədər ehtiyatla, sakitcə getsək
də, qayalardan, uçurumlardan düşüb dünyasını dəyişənlər də
olurdu. Hava işıqlaşmağa başlayanda biz Qara qaya adlanan yerə
yenicə çatmışdıq. Bir də gördük ki, ermənilər bizə tərəf atəş
açmağa başladılar. Camaat pərən-pərən düşdü, hərə vahimə
içərisində bir tərəfə qaçmağa başladı. Biz də sürünə-sürünə
ərazidən uzaqlaşmaq istədik. Bu zaman gördüm ki, yerdə açılmamış
güllələr var, onları da çantama yığdım ki, əsgərlərə verərəm,
lazımları olar. Həmin anda ayağımda istilik hiss etdim. Baxanda
gördüm ki, məni də güllə ilə vurublar, yaralanmışam. Bir qədər
süründükdən sonra huşumu itirdim. Ayılanda gördüm ki, camaatdan
geri qalmışam. Bir qədər tez-tez hərəkət etməyə başladım. Bir
qədər gedəndən sonra hamilə bir qadını güllə ilə qarnından
vurdular. Qışqırıqlar başladı. Sən demə, ermənilər bizi
görürmüşlər. Bir qədər sonra qardaşımı da güllə ilə yaraladılar.
Sonra başımızın üstünü kəsdirdilər və dedilər ki, sizi
öldürməyəcəyik, bizə sağ lazımsız. Bizi əsir alıb Əsgərana
gətirdilər. Burada erməni qadınlar bizi daşa basmağa başladı.
Ətrafda çoxlu sayda silah, zirehli maşınlar, toplar, tanklar,
BTR gördüm. Dəhşətə gəlmişdim, bu qədər silaha qarşı bizim
əsgərlər cəmi 1 BTR və 1 BMP ilə durmuşdu. Bizi «pojarnı»
deyilən binanın kameralarına saldılar. Bura gələndə gördüm ki,
Xocalının demək olar ki, sakinlərinin böyük bir hissəsini əsir
götürüblər. Bütün kameralar, dəhlizlər xocalılarla, tanıdığım
insanlarla dolu idi. Sonra bizi ayırmağa başladılar, qadınları
bir, kişiləri isə bir kameraya yığdılar. Təxminən 40 qadın
qalmışdıq.
«Qocalara və qadınlara məhəl
qoymadan vəhşicəsinə döyürdülər»
- Sonra başladılar qiymətli
əşyaları yığmağa. Kimin üstündə qızılı, gümüşü var idisə,
hamısını aldılar. Çiblərimizi, çantalarımızı yoxladılar. Nə var
idisə, hamısını vedrəyə yığdılar. Mənim çantamdan isə güllələr
çıxdı. Buna görə də onları üzümə çırpıb öldürməklə hədələdilər.
Axşam ermənilər gəlib uşaqlı qadınların hamısını apardılar.
Sonradan dedilər ki, onları benzinin əvəzində dəyişiblər.
Kamerada 6-7 qadın qalmışdı. Səhərə yaxın içəri girdilər bizi də
aparmağa başladılar. Mən qapının arxasında gizləndim, içəri çox
qaranlıq olduğundan məni görmədilər. Hamını aparandan sonra tək
qaldım, hava tam işıqlaşandan sonra gördüm ki, palçığın içində
oturmuşam.
Xocalı sakini, 33 yaşlı Musayev Ramil Səlim oğlu
Onda mənim 13 yaşım var idi. 7-ci sinifdə oxuyurdum
Bir hadisə də heç yadımdan çıxmır, biz meşədə olanda bir məhsəti
qadının qucağında körpə bir uşaq vardı. Uşaq aclıqdan,
susuzluqdan, soyuqdan hey ağlayırdı. Gözlərimin önündə uşaq səs
salmasın deyə ana öz övladını sakitləşdirmək istədi. Bir xeyli
keçəndən sonra səs gəlmədiyini görən ana körpəsini bağrına basdı.
Körpə ölmüşdü. Bu ara ermənilər ananı da vurdular.
Ermənilər 12-13 nəfər əynində Milli Ordu paltarında olan
kişiləri güllələdilər. Onların arasında X sinifdə oxuyan Xaqani
adında bir oğlan da var idi. Sonra əlində tank əleyhinə qumbara
tutmuş Telmanı da güllələdilər. Növbə mənə çatdı. Ayaqlarımı
soyundurdular. özüm də güllə dəymiş sağ ayağımı, don vurmuş,
qaralmış barmaqlarımı görəndə dəhşətə gəldim...
Hə, bu dözülməz vəziyyətə baxmayaraq bircə-bircə ayaq
dırnaqlarımı kəlbətinlə çəkib-çıxartdılar. Bağırtım göylərə
bülənd olmuşdu...
Mirəş Əliyeva:
- Biz meşədə qara bata-bata dolaşırdıq. Yolu
keçəndə mənə güllə dəydi. Yıxıldım və daha ayağa dura bilmədim. Haradasa meşədən, səngərdən tez-tez
atəş açılırdı. Əlif məndən yapışıb yolun qırağına tullandı.
Meşədən açılan atəşlər bir müddət ara verdi. Əlif
(Xocalı aeroportunun komandiri - A.A.) başını qaldırmadan yolun
o biri tərəfində uzanmış qadınlara qışqırırdı ki, tez yolu
keçsinlər. Bu vaxt ərzində 20 nəfərədək qadın və uşaq yolu
keçmişdi. Əlif avtomatın darağını dəyişməyə başlayanda ermənilər
cavab atəşi açdılar. Güllələrdən biri düz Əlifin alnına dəydi.
Cəmil Məmmədov:
- Şəhərə girən tanklar və zirehli transportyorlar
evləri dağıdır və adamları basıb keçirdilər. Rus əsgərlərinin arxasınca erməni yaraqlıları
gedirdilər. 5 yaşlı nəvəmi və 14 min manat pulumu götürüb meşəyə
tərəf qaçdım. Gecə uşağın donmaması üçün paltarımı çıxarıb onu
bürüdüm. Lakin bu kömək etmirdi. Qarı qazıb uşaqla birlikdə onun
içinə girməli olduq. Səhər uşağın buna tab gətirməyəcəyini başa
düşüb yaxınlıqdakı Naxçıvanik erməni kəndinə yollandım. Orada
bizi silahlı ermənilər qarşıladılar. Mən onlara
yalvarıb-yaxardım ki, pulu götürsünlər və uşağın xatirinə bizi
Ağdama buraxsınlar. Cavabında məni döydülər, söydülər və kəndin
komendantının yanına apardılar. O əmr etdi ki, bizi pəyəyə
salsınlar. Pəyədə artıq azərbaycanlı qadınlar və uşaqlar var idi.
Pəyədə bizi 4 gün saxladılar, nə çörək, nə su verdilər. 4 gün
sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun
açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım. Erməni
muzdluları (mən erməni dilini bilirəm və yerli ermənini gəlmə
ermənidən seçirəm). Ayaq barmaqlarımın dırnaqlarını çəkib
çıxartdılar. Ermənilərin arasında olan zəncilər havaya
tullanaraq ayaqları ilə üzümdən vururdular. Bir neçə saat davam
edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə
dəyişdirdilər. Nəvəmi isə əlimdən aldılar. Arvadımdan və
qızlarımdan heç bir xəbərim yoxdur.
Cəmil Cümşüd oğlu Məmmədov:
- Ruslar tanklar və BTR-lərlə şəhərə daxil olaraq
evlərimizi darmadağın etdilər. Arxalarınca isə ermənilər gəlirdi. Beş yaşında nəvəmi götürüb
meşəyə qaçdım. Bir sutka qarın altında qalmışam. Körpə donmamaqdan ötrü paltarlarımı soyunub uşağa
bükmüşdüm. Artıq taqətim qalmamışdı. Naxçıvanik kəndinə yollanıb
ermənilərə yalvardım ki, nəvəmə rəhm etsinlər. Məni təhqir edib
komendanta təhvil verdilər. O isə əmr verdi ki, bizi tövləyə
salsınlar. Burada çoxlu qız-qadın, körpə vardı. Sonra bizi
Əsgərana gətirdilər. Arvadım, qızım, yeznəm burada idilər.
Boyeviklər dırnaqlarımı çıxartdılar. Zəncilər göyə atılıb
üzümüzə təpik vururdular. Çox işgəncədən sonra məni ermənilərlə
dəyişdirdilər. Nəvəm, arvadım, qızım və yeznəmdən heç bir xəbər
yoxdu.
Səriyyə Talıbova:
- Gözümün qabağında 4 məshəti türkünün, 3
qonşumuzun başını erməni quldurunun qəbri üstündə kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər
ata-analarının gözü qarşısında uşaqlarına işgəncə verib öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə
dərəyə tökürdülər:
Camal Allahverdi oğlu Orucov:
- 16 yaşında oğlumu güllələdilər. 23 yaşlı qızımı
iki əkiz oğlu və 18 yaşlı hamilə qızımı əlimizdən aldılar.
Xatirə Orucova:
-
8 yaşım var. Gözümün qabağında atamı, anamı və
6 yaşlı bacımı ermənilər güllələyib qətlə yetirdilər. Güllə mənə də dəyib.
10 yaşlı Ramil Həsənov:
- Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz
orada qalmışam. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişəm.
Sənan Abdullayev:
- Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi
tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər
uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi
içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq
üçün uşaqları bir gün əlimdə saxlamışam.
Qasımova Ayna:
- 12 gün meşədə qaldıq. İki oğlum və bacım da
yanımda idi. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-tez qar da yeyirdik. 12 gündən sonra min bir zülmlə
gəlib Ağdama çıxdıq. Ağdamda nə qədər çalışdılarsa ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər.
Ayaqlarımız tamam donmuşdu. Sonra ayaqqabılarımızı bıçaqla
kəsdilər. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər.
Talıbov Səməd:
- Fevralın 25-dən 26-na keçən gecə 120-130-a
qədər adamla meşəyə qaçdıq. Bu müddətdə Kətik meşəsində qaldıq. Bir müddət meşədə qaldıqdan
sonra Hray kəndinə tərəf getdik. Böyüklər aclığa. saxtaya dözə
bilirdilər. Amma uşaqlarla çox çətin idi. 3 gün ac-susuz qaldıq
meşədə. 3-cü gün Naxçıvanik istiqamətinə gedəndə ermənilər bizi
tutub mal tövləsinə saldılar. Bizdən başqa 50-60 adam da var idi.
Bir az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları
avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə başladılar.
Vuranda, döyəndə səsini çıxaran şəxsi həmin saat güllələyirdilər.
Girovluqda gördüyüm dəhşətləri heç zaman unutmayacağam.
Salman Qasımov:
- Ermənilər Xocalıya girəndə hamımız qaçdıq
meşəyə. Əvvəl 300-ə qədər adam idik. Gülablı tərəfə gedirdik. Orda ermənilər camaatın qabağını kəsdi.
Atışmada Abdullam öldürdülər. Adamlar qaçıb dağılışdılar. 11
adam qaldıq. Tofiqin də anası yanımızda öldü. Mən paltomu onun
üstünə saldım. Sonra mühasirədən çıxmaq üçün irəli getdik. Amma
hara gedirdiksə ermənilərin əhatəsində olduğumuzu hiss edirdik.
Yediyimiz də ancaq qar idi. Hamımız haldan düşmüşdük. Keçdiyimiz
yerlərdə çoxlu meyit var idi. Görüşdüyüm xocalıların hamısının
acı taleyinə yanıram. Onları özümə ən yaxın, doğma adam bilirəm. Xocalılar hamısı sakit, köməksiz adam təsiri
bağışlayır mənə. Amma Gülalı kişinin o yazıq görkəmini heç unuda bilmirəm. Gülalı kişiyə çəkilən dağ da ağır
dağdır.
Gülalı Mehralıyev:
- Altı günə kimi meşədə qaldıq. Ac-susuz meşənin
içində qızımla məşəqqətlər çəkdik. Gecə meşənin vahiməsi, soyuğu, şaxtası, daima gözlənilən
erməni qorxusu yazıq qızımın bağrını yardı. Nakam balam dözə
bilmədi, keçindi. Gülalı kişi için-için ağlayır. Qurumuş bir
halda qızımın meyitinin yanında oturdum. Bədbəxt qızıma baxıb
göz yaşı tökürdüm. Balamın iyirmi yaşı vardı. Səkkiz ay idi ki,
toyu olmuşdu. Dişimnən, dırnağımnan yığıb qızıma cehiz almışdım,
12 min manatlıq mebel alıb toyunu etmişdim. İndi yazıq balam
torpağa döşənmişdi. Halsız, hərəkətsiz uzanmışdı. Zavallı
qızımdan çətinliklə də olsa ayrıldım. Meşə ilə gedirdim. Şelli
istiqamətinə üz tutmuşdum. Qəfildən aralıda erməniləri gördüm.
Qaçıb girdim bir körüyün içinə. Ermənilər xoşbəxtlikdən
görmədilər məni. Bir müddət kötüyün içində qaldım. Qorxudan çıxa
bilmirdim. Sonra minbir çətinliklə Ağdama gəlib çıxdım. Amma
qızımın meyitindən nigaranam. Bircə meyiti gətirib basdırsaydım,
rahatlanardım. Meyitin yeri yaxşı yadımdadır. Amma ora getmək
mümkün olacaqmı?
Vüqar Qarayev:
- Gecə saat 11-də evdən çıxdıq. Gəldik meşəyə.
Meşədə çoxlu adam vardı. Uşaqlar ağlaşır, qışqırırdılar. Arvadlar uşaqların ağzına dəsmal tıxadılar ki,
səsləri eşidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu
girov tutdular. Babək adlı bir oğlan vardı. Yolu gedə bilmirdi,
təngnəfəs olurdu. 3 kilometrə qədər onu mən apardım. Sonra
qüvvəm çatmadı. Ayaqlarımı şaxta vurmuşdu. Bədənim heç elə bil
ki, mənim deyildi. Düz iki gün sürünmüşəm. Mənə elə gəlirdi ki,
erməninin üstünə gedirəm. Amma mənim üçün daha heç bir fərqi yox
idi. Onsuz da tam haldan düşmüşdüm. Xoşbəxtlikdən
döyüşçülərimizin postuna gəlib çıxdım.
Hümbətov Cəlil Hümbətəli oğlu-Ermənilər
onun gözü qarşısında həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı
Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı:
-Kətik meşəsinə girəndə
ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat
yoldaşı Paşaev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun
güllələnməsinin şahidi olmuşdur.
Əhmədova Xəzəngül Təvəkkül qızı:
- Xocalı işğal olunan
zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov
götürmüşlər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı
Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü
isə benzin tökərək yandırmışlar.
Kərimova Səidə Qurban qızı:
- “12 nəfərlə birlikdə girov
götürüldük. Ermənilər qızımı Nəzakəti, Tapdığı, Səadəti, İradəni
işgəncə ilə öldürdülər”
Nəcəfov Əli Ağami oğlu:
-
“Ermənilər qaçan adamları
mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələdilər”.
Heydərov Camal Əbdülhüseyn oğlu:
- «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2
kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi
var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini
parçalamış, əksər meyidləri isə tikə-tikə doğramışdılar».
Heydərov Şahin Zülfuqar oğlu:
- Naxçıvanik kəndi (Xocalı)
yaxınlığında 80-ə yaxın meyid görüb. Meyidlər qorxulu vəziyyətə
salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın
qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl
da qətlə yetirilənlər arasında olmuşdur.
Əliyeva Zoya Əli qızı:
- 150 nəfərə qədər adamla 3 gün
meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun
bacısı Gülxar donaraq ölmüşdür.
Salman Qasımov:
Ermənilər Xocalıya hücum edəndə qaçdıq Dəhraz tərəfə. Dəhrazda
bizi mühasirəyə alıb tutdular. Yaşlı bir qadını və cavan oğlanı
yerindəcə güllələdilər. Sonra bizi Naxçıvanikə gətirib mal
pəyəsinə saldılar. Az keçməmiş gəlib aramızdan on üç adamı seçib
apardılar güllələməyə. O güllənin səsini də biz eşitdik. Bir
müddət pəyədə saxladıqdan sonra bir yük maşınına mindirib bizi
gətirdilər Xankəndinə. Orda bizi maşından düşürəndə bir erməni
kobudluqla çeşməyimi alıb dedi: "Gedərsən Kürün o tayında
verərlər çeşməyini!" Sonra bizi saldılar həbsxanaya. Həbsxanada
hansı işgəncələri çəkmədik? On günə kimi dilimizə heç nə dəymədi.
Çörək-su həsrətiynən gözümüzü tikirdik qapıya. Qapının nə vaxt
açılacağını səbirsizliklə gözləyirdik. Amma qapını açıb içəri
girənlər bizə nə su gətirirdi, nə də çörək. Başlayırdılar
təpikləməyə, döyməyə, qol-qabırğamızı sındırmağa. Elə döyürdülər,
elə hala salırdılar ki, yerdə döşəli qalıb tərpənə bilmirdik.
Düz on gündən sonra gətirib hərəmizə 70 qram çörək, hər üç adama
bir stəkan su verdilər. Bir də görürdün gecə saat 2-də, 3-də
ermənilər sərxoş halda gəlib içəri girir, pis söyüşlər söyüb,
istədikləri işgəncəni verirdilər. Qaldığımız yer olduqca soyuq
idi. Pəncərə soyuq olduğundan külək içəridə vıy-vıy vıyıldayırdı.
Hamımız soyuqdan titrəyirdik. Yerə salmağa bir adyal da
verməmişdilər. Bütün gecəni, gündüzü oyaq qalırdıq. Yanımızda
Qaradağlıdan yazıq bir kişi vardı. Bizdən çox qabaq onu tutub
bura salmışdılar. Yazığın susuzluqdan ciyəri yanırdı. Gecənin
bir vaxtında halı lap pisləşdi. "Su, su" deyib inildəməyə
başladı. Dözə bilmədim, gedib qapını döydüm ki, bir az su
versinlər yazığa. Nəzarətçi erməni qapının o tayından məni söyüb
təhqir etdi və təkrar qapını döydükdə öldürəcəyini bildirdi.
Yazıq kişi "su, su" deyə-deyə canını tapşırdı. Bir dəfə xaricdən
- Qırmızı Aypara Cəmiyyətindən bir dəstə adam gəlib
vəziyyətimizlə maraqlandı. Halımızı, görkəmimizi görəndə
təəssüflə başlarını buladılar. Ermənilər isə bizə əvvəlcədən
xəbərdarlıq edirdilər ki, gələn qonaqlara şikayətlənməyək.
Əksinə ermənilərdən razılıq edək ki, guya bizə yaxşı baxırlar.
Əgər belə deməsəydik, ermənilər bizə elə işgəncələr verərdi ki...
Düz 48 gün ermənilərin əsarətində əzab çəkdim. 48 gündən sonra
məni bir erməni ilə dəyişdilər.
Mirzə Allahverdiyev:
- Biz həmin gün Horagül istiqamətində postda dayanmışdıq. Amma "Finski"
evlər yananda geri çəkildik. Fevralın 26-da onların çoxu
Beşmərtəbə deyilən yerə toplaşmışdı. 100-ə qədər adam vardı orda.
Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28-də
ermənilər mühasirəyə alıb tutdular bizi. Həmin saat əlayağımızı
bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar
Əsgərana. Orada milis idarəsinin həbs otağında bizi
saxlayırdılar. Bir neçə qızıl dişim vardı. Yerə yıxıb əl-ayağımı
bağladılar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə
dartır, çəkiclə vururdular dişimə. İnildəyir, zarıyırdım ağrıdan.
Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edirdim. Neçə
saat huşsuz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki,
qızıl dişlərimi sındırıb götürüblər. Ermənilərin verdiyi işgəncə
yalnız qızıl dişlərimi sındırmaqla bitmədi. Söyüş, təhqir,
təpiklə vurmaq, döymək hər gün olurdu. Girovluqda qaldığım 18
günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinlər. Yaman
vəhşi idi ermənilər, gözlərini qan tutmuşdu. Ürəklərində heç bir
insaf, ədalət yox idi. Bizi döyməkdən, təpikləməkdən ləzzət
alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə
döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən
atdılar məni yerə. Bütün bədənim əzilmişdi. Necə kinli, qəzəbli
idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər
gün içəri girib mənə özünəməxsus xüsusi işgəncə verirdi. Ağır
çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan
ləzzət alırdı. Mənim iniltim, qışqırtım ona təsir etmirdi,
əksinə kefi açılırdı... Ermənilər tez-tez bizə deyirdilər: "Sizi
qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı gətirib
Kürdə suvaracağıq". Hər gün bizə bir parça çörək, bir balaca
qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib
möhkəm döyürdülər. On səkkiz gün girovluqda qalandan sonra məni
dəyişib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir
neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım
Elşəni isə mənim günümə salıblar. Girovda işgəncələr verib qızıl
dişlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı
öldürüblər.
Niftalı İbad oğlu Nəbiyev:
- Fevralın 25-də gecə saat 10-da Əsgəran istiqamətində səngərdə
idik. Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar.
Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaqları da götürüb
Dəhraz tərəfə çəkildik. Hər tərəfi ermənilər ağır texnika ilə
mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları,
uşaqları da götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən
mühasirədə olduğumuzu hiss edirdik və hər yandan bizə atırdılar.
Üç gün ac-susuz meşədə qaldıq. Sonra ermənilər bizi mühasirəyə
alıb tutdular. Yanımızda 300-ə qədər qadın, uşaq vardı. Hamımızı
yığıb apardılar donuz fermasına. Milli ordu paltarında
olanlardan 13 nəfəri seçib apardılar. Az keçməmiş güllə səsləri
eşitdik. Bildik ki, o yazıqları güllələyiblər. Üç gün qaldıq
donuz fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib
camaata azca çiy buğda paylayırdılar. Üç gün sonra gəlib
aramızdan iyirmi adamı seçdilər. Qışqırdılar ki, iyirminiz də
əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi "KamAZ"a doldurub
gətirdilər Stepanakertin milis idarəsinə. Orda bizi möhkəm
döydülər. Sonra qeydiyyata aldılar. Mənim paltarımı yoxlayanda
paltomun cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu
əsgərisən. Məni lüt soyundurdular. Dubinka ilə başladılar
döyməyə. Ermənilərdən biri əlində balta mənə sarı gəldi, qorxdum
ki, balta ilə başımı kəsəcək. Balta ilə paltomu kəsib doğradı.
Sonra da sürüyüb atdılar kameraya. Gecə saat 1-2 olardı. Bu dəfə
başqa erməni "boyevikləri" içəri girib hirslə qışqırdılar: "Ara,
bizim torpaqda siz axı nə edirsiniz?" Başladılar bizi döyməyə.
İki qızıl dişimi vurub sındırdılar. Hər gün bu vəziyyət təkrar
olunurdu. Ermənilər gah ayıq başla, gah da sərxoş vəziyyətdə
gəlib bizi şil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə də
yeddi adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan
girovlar vardı. Yazıqları bit basmışdı. Bütün günü yazıqlar
qaşınır, dırnaqları ilə dərilərini qoparırdılar. Yanımızda
Nəbiyev Əli adlı bir kişi vardı. Yazıq zarıya-zarıya öldü.
Ermənilər yaman zülmkar idilər. Qadağan etmişdilər ki, gecələr
bir-birimizlə danışmayaq. Qorxa-qorxa, pıçıltı ilə danışırdıq.
Yatanda bir-birimizə, kürək-kürəyə söykənib yatırdıq. Döşəmə
beton olduğundan daim rütubət vardı. Nəzarətçilər əlində bıçaq
dəhlizdə gəzinir, səs eşidən kimi içəri girib bizi
əzişdirirdilər. Ayaqlarımızdakı corabları da tutub çıxarmışdılar.
Yanımdakı yoldaşımın iyirmi min pulunu, qızılını almışdılar.
Sonra minbir çətinliklə bizi dəyişdilər.
Əliyev Hüseyn Sarı oğlu:
- Yatmışdım, həyat yoldaşım məni silkələyib
durquzdu və dedi ki, ermənilər kəndə doluşub, camaat qaçır.
Dedim ki, sən də qaç, camaata qoşul. Qonşumuz Həsəngilə gəldim.
Həsən bayırda idi. Kəndin Stepanakert tərəfindən asfaltı, evləri
atəşə tutmuşdular. Həsənlə onların bostanından keçib, məktəbin
həyətinə girdik. Ərik ağaclarının altında Həsən qolundan
yaralandı. Onun o biri qoluna girib, məktəbin zirzəmisinə tərəf
apardım. Amma orda heç kim yox idi. Bilmirdik hara gedək.
Ermənilər gəlib bizi tutdu. Əliyeva Şərqiyyəni, qızı Aliməni beş
uşaqla, fermada işləyən Yusifi, arvadını, onların da beş uşağını
bizimlə bərabər Stepanakertin 9 nömrəli məktəbinə gətirdilər.
Sonra arvad-uşaqdan bizi ayırıb, avtovağzalın yanındakı şəhər
milis şöbəsinin qazamatına gətirib saldılar. Qənəhət Hacıyev,
Qəyyum Aslanov, Əşrəf Əliyev, Əbülfət Kərimov, Elbrus Abbasov,
Şafanın oğlu Vidadi, Qaradağ stansiyasından Əli, Fərraşlı Abbas
da burda idilər. Həsənabadlı "Dovşan" Edikin oğlu bir dəstə
erməni ilə gəlib bizi təpikləyir, qaldırıb yerə çırpırdılar. O
deyirdi ki, xocalıların hamısını qıracağam, mənim qardaşımı siz
öldürmürsünüz. Vidadi bıçaq axtarırdı ki, özünü öldürsün.
Deyirdi ki, mənim başımı sabah kəsəcəklər. Mənə deyirlər ki,
Osipin oğlu Tosulu (Armavari), guya mən öldürmüşəm. Vidadi bir
şüşə tapıb cibinə qoymuşdu ki, lazım gəlsə venasını kəsib özünü
öldürsün. Həsənabadlı Setrakın olğu Jora gəlib Həsəni harasa
apardı. Həsənin qolu hovlayıb şişmişdi. Sonra eşitdik ki, Həsəni
buraxıblar. Üç gün keçmişdi ki, gəlib Vidadini apardılar.
Dedilər ki, bu gün Tosulun üçüdür, səni onun qəbrinin üstündə
kəsmək üçün qəbiristanlığa aparırıq. Vidadi şüşə də cibində
getdi...
Ayağımdan güllə yarası almış 4 yaşlı Fuad
Gülməmmədov:
- Ermənilər məni ayağımdan tapança ilə vurdular.
Xədicə Abdullayeva:
- Bir sutka ayaqyalın meşədə qaldıqdan sonra atam, anam və 16
yaşlı bacım şaxtaya tab gətirmədilər. Sağ qalan xocalılarla
birgə məni də girov götürdülər. Bizi bir gün ac-susuz,
döşəməsinə su doldurulmuş zirzəmidə saxladılar. Daşnak tör-töküntüsünə
dəyişdirildim. İndi iki ayağımdan da məhrumam.
Mirzə Allahverdiyev:
Ermənilərin hücumundan sonra meşəyə çəkilməli olduq. Burada 3
gün ac-susuz qaldıq. Fevralın 28-də axşam bizi mühasirəyə
aldılar. Bizi Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir
neçə adamı aparıb güllələyirdilər. Vəhşilər başıma dəhşətli
zərbələr endirirdi. Qızıl dişlərimi kəlbətinlə çıxartdılar. İki
qabırğamı sındırdılar. 18 gündən sonra bir alt paltarında bizi
dəyişdirdilər. Atamı, iki qardaşımı, qardaşım oğlunu öldürdülər.
Nəsibə Əliyeva:
- Meşədən çıxan kimi ermənilər atəş açdılar. 40 nəfər idik. 26
nəfəri, o cümlədən oğlumu və yoldaşımı öldürdülər. 8 yaşlı
Yavərim isə güllə yarası aldı.
İlqar Əliyev
-“Ermənilər Qaradağlını tutandan sonra əsir və
girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər.
Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd
yaxınlığındakı Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb,
üzərini torpaqladılar.” "...ermənilər kənd sakinlərini
güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular."
“Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov
götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər
iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla
öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada üç
nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə
hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol
boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq”.
İ. Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı
sakininin acından öldüyünü vurğulayıb:
“Ermənilər fevralın 26-da Xocalını işğal edəndə
Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq
adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı
sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün
qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların
arasında uşaq və qadınlar da var idi”.
Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan
sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb:
“Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın
yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla
çəkdilər”. O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər
gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:
“Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə
dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri
həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər”.
“Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili
orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə
demişdi”.
O. Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına
və orada baş verən qətliamlara Ermənistan prezidenti Robert
Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən
eşitdiyini söyləyib.
Cavid Əliyev
Xocalı Rabitə şöbəsinin müdiri olub. O, şəhəri sonuncu tərk
edənlərdəndir. "Xocalılılar şəhəri tərk edəndən sonra, mən
rabitəni söndürüb çıxmışam. Fevralın 25-də axşam Xocalı zirehli
texnikalarla mühasirəyə alınmışdı. Ermənilər tanklar, BMP-lər və
BTR-lərdən istifadə edirdi. Biz bunlarla bağlı Ağdama və Şuşaya
məlumat vermişdik. Mənim işçilərim Gülşən də, rəhmətlik Gülbahar
da məlumatları daim ötürürdü. Həmin gecə növbədə Gülbahar idi,
o, anası və bacısı ilə birgə həmin gecə öldürüldü.
Şəhərdəkilərin hamısı dinc əhali olduğundan qarışıqlıq düşdü,
mən də atamı, anamı, bütün qohumlarımı itirdim"."Mən o gecə
Şelli dağında anamı itirdim. O gecə mənim həyatımda ən ağır, ən
faciəli gecədir, - deyə şəhərin digər qadın sakini qeyd edib.
Əli kişinin evi Xocalının ən ucqar yerində, Noraguğla
üzbəüzdə yerləşib. Dediyinə görə, basqın birinci onların evinə
olub və bütün məhəllədəki evlər yandırılıb. "Balaca qardaşımı
evimizdə öldürdülər. Sonra ermənilər zirzəmilərdə gizlənmiş
qadınları və uşaqları güllələdilər. Bizim məhlədə yaşayanların,
demək olar ki, hamısı öldürüldü. Məhləmizdən iki-üç adam
qalmışıq".
Xocalı sakini olan daha bir qadın hadisələr zamanı
ailəsindən üç nəfərin güllələndiyini deyir. "Ermənilər ailə
üzvlərim Əliyev Əyyub Sarı oğlunu, qayınatam Salahov Məhəmməd
Əbdül oğlunu və gəlinim Salahova Zəhra Əliabbas qızını
öldürdülər".
Şəhər sakini Tahir deyir ki, fevralın 25-dən 26-na keçən
gecə "Kəsik" deyilən yerə qaçıblar. Onun sözlərinə görə, yolda
anası yorulduğundan, mühasirəyə düşüblər: "6 sutka mühasirədə
qaldıq, anam soyuqdan donub öldü. 6 sutkadan sonra Ağdamın
Muğanlı kəndinə çatdıq. Qardaşım Tofiq hadisələrdən 12 gün sonra
gəlib çıxdı. Soyuqdan hamımızın ayaqları donmuşdu".
Zülfiyyə xanım hadisələr zamanı bütün əzizlərini itirib.
"Hamısı Xocalı hadisələri zamanı ermənilər tərəfindən qətlə
yetirilib. O gecə həyat yoldaşımı, nəvəmi, gəlinimi, oğlumu,
yeznəmi - hamını itirdim. Hər yan meyitlərlə dolu idi.
Qaranlıqda zülmlə meyitləri ayaqlaya-ayaqlaya yol gəldik. Qaynım
hələ də girovdur. Ağdama az qalmışdı, yenidən ermənilər
qarşımızı kəsdi, hamını qırdı. Qarın üzərində insan meyitləri o
qədər idi ki, elə bilirdin qara yaylıq sərilib".
Adını açıqlamaq istəməyən digər bir qadın əsir götürülüb.
"O qırğında anamı, qardaşımı, həyat yoldaşımı, iki bacımı,
qohum-əqrəbamı itirmişəm. İki körpə uşaqla ermənilər məni əsir
götürərək, Əsgərana apardılar. Bizi döyürdülər, gözümün
qarşısında neçə kişinin başını kəsdilər".
Xocalı sakini olan digər qadın faciə zamanı 28 nəfər
yaxınlarının ermənilər tərəfindən öldürüldüyünü bildirib. "Şəhidlərimin
16 nəfəri - bacım, qardaşım, onların həyat yoldaşları və
balalarıdır. 7 yaşlı nəvəmin nə günahı var idi, hələ birinci
sinfə gedirdi, onu da qəddarcasına öldürdülər. Yeznəm, qudalarım,
dayım qızları öldürüldü. Heç birinin məzarı da yoxdur ki,
üstündə ağlayasan. Soyuqdan ayaqlarımız dondu. O gecə sanki
təbiətin də acığı tutmuşdu. Duman, çiskin, soyuq idi. Qardaşım
qızımın ayaqları dondu və əlil oldu, ayaqlarını kəsdilər", -
deyə faciənin şahidi deyib
|
|